Habil Yaşar
Xəzər.5
Bu gün sahilində dayanacağam,
Səninlə söhbətə gəlirəm, Xəzər.
Sirrimi tək sənə mən açacağam,
Səndə pənahımı gəzirəm, Xəzər.
Sən də dalğalısan illər boyunca,
Mənim ürəyim tək dayanmayırsan.
İnsan rahat olur həmdərd olunca,
Nədəndi dərdimə inanmayırsan?
Nəhəng olmağınla öyünmə, Xəzər,
Mənim dərdlərimdən böyük deyilsən.
Alarsan qoynuna o səni əzər,
Götür dərdlərimi götürə bilsən.
Sevin ki, başına dolanır quşlar,
Mənimsə başıma dolanan hanı?
Sənin üzərinə yağan yağışlar,
Mənim göz yaşımdır gəzir dünyanı.
Ulduzlar bərq vurur suyunun üstə,
Ləpələr şirin bir nəğmə söyləyir.
Mənsə dayanmışam ürəyi xəstə,
Dərdlərin əlindən içim inləyir.
Demə paxıllığım tutacaq sənə,
Paxıllıq deyilən o mənə yaddır.
Baxsan ürəyimin dərinliyinə,
Bir deyil min Xəzər sıxışacaqdır.
Bu şiir toplam 947 kez okundu.
28.06.2011 12:37:24